Qərb cümə günü Rusiyaya qarşı yeni sanksiyaları elan edəcək

Şəklin mənbəyi, RIA Novosti
Qərb ölkələri Moskvanın Ukraynaya münasibətdə siyasətinə görə sanksiya rejiminin tətbiqini sərtləşdirməyə hazırlaşır.
Bu dəfə sanksiyalar Rusiyanın müdafiə sənayesinə, dövlət banklarına, enerji sektoruna və təxminən prezident Putinə şamil olunacaq.
Bu arada cümə günü Minskdə münaqişənin sülh yolu ilə mümkün həlli ilə bağlı danışıqlar bərpa olunmalıdır.
Böyük Britaniya hökümətinin təmsilçisi Avropa İttifaqı və ABŞ-ın cümə günü yeni sanksiyaları elan edəcəyini bəyan edib.
"Biz Putini danışıqlar masasına oturmağa və döyüş bölgəsini tərk etməyə məcbur etmək üçün ona təzyiq etməyə davam edəcəyik", o deyib.
Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisinin müavini Ben Rhodes Uelsdə NATO sammitində çıxış edərkən deyib ki, ABŞ yeni sanksiyalarının son detallarını tamamlayır.
Fransa prezidenti Francois Hollande bəyan edib ki, Avropa liderləri yeni sanksiyaları cümə günü elan edəcəklər və "əgər heç bir irəliləyiş əldə olunmasa, tətbiq edəcək, amma hər şey yaxın saatlarda nə baş verəcəyindən asılıdır".
Ukrayna prezidenti Petro Poroshenko atəşin dayandırılması haqda razılaşmanın cümə günü əldə edilə biləcəyini deyib.
Poroshenkonun sözlərinə görə, hər şey Minskdə Ukrayna, Rusiya, ATƏT və Ukraynanın şərqindən olan separatistlər arasında danışıqların nəticəsindən asılıdır.
Kütləvi-informasiya vasitələrinin məlumatına görə, separatistlərin özləri bəyan edib ki, Minskdə münaqişənin sülh yolu ilə həlli haqda razılaşma əldə olunacaqsa, gündüz yerli vaxtla saat 2-də atəşin dayandırılacağını elan edəcəklər.
























