Fotomüxbir Stenin Donetsk yaxınlığında ölüb

Şəklin mənbəyi, AP
Avqustun əvvəlində Ukraynada itmiş "Rossiya Segodnya" (RİA Novosti) agentliyinin fotomüxbiri Andrey Stenin bir ay öncə Donetsk rayonu ərazisində ölüb, agentliyinin baş direktoru Dmitri Kiselyov İstintaq Komitəsinin ekspertizasına istinad edərək bildirib.
"Bizim həmkarımız fotomüxbir Andrey Stenin ölüb. Məlum olub ki, o əsirlikdə deyilmiş, onu nə hansısa Ukrayna hərbiçisinə dəyişməyə, nə də terrorçuluq fəaliyyətində ittiham etməyə hazırlaşırdılar", Kiselyovun bəyanatında deyilir.
Baş direktorun sözlərinə görə, fotomüxbir hələ bir ay öncə redaksiya tapşırığını yerinə yeritmək məqsədilə getdiyi yolda maşında ölüb. Avtomobil Donetsk yaxınlığında şosse yolunda atəşə tutulub və yanıb.
"Bizim Ukrayna tərəfdən Steninin taleyi haqda eşitdiyimiz bütün bəyanatlar yalan oldu", Kiselyov bəyan edib.
Jurnalistin itməsindən bir həftə sonra Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Gerashenko bəyan edib ki, o, "terrorçuluğa yardım"da şübhəli bilinərək Ukrayna xüsusi xidmət orqanları tərəfindən həbs oluna bilərdi.




















