Ukrayna böhranı: atəşkəs çağırışından sonra toqquşmalar

Şəklin mənbəyi, Reuters
Cümə günü Ukrayna prezidentinin elan etdiyi atəşkəsdən sonra ölkənin şərqindəki separatçılarla hökumət qüvvələri arasında yeni toqquşmalar baş verib.
Şənbə günü səhər çağlarında Donetsk və Luhansk bölgəsində Ukrayna sərhəd məntəqələrinin postları həmləyə məruz qalıblar, Ukrayna rəsmiləri bildirib.
Hadisədə ən ası 6 Ukrayna sərhədçinin xəsarət aldığı xəbər verilir.
Bundan əvvəl ABŞ Ukrayna separatçılarına qarşı sanksiyaların tətbiq ediləcəyini bildirib.
Sanksiyalar
Maliyyə Nazirliyinə əsasən adları 7 nəfərdən ibarət sanksiya siyahısına düşən separatçı liderlərin aktivləri dondurulacaq və ABŞ şirkətlərinə onlarla təmas qurmaq yasaqlanacaq.
ABŞ hökuməti sanksiya altına düşənlərin Ukraynada əminamanlıq, sabitlik və ərazi bütövlüyünə təhlükə olduğunu deyirlər.
Bu arada Fransa prezidenti Francois Hollande Moskvanı Ukraynada vəziyyəti sabitləşdirmək üçün təcili addımlara səsləyib.
Bundan əvvəl Ukrayna prezidenti Petro Poroşenko separatçılara silahları yerə qoymaq üçün şərqdə aparılan güc əməliyyatının bir həftə müddətinə dayandırıldığını elan edib.
Atəşkəs
Atəşkəs bəyanatı Ukrayna liderinin prezident qismində Donbasa ilk səfəri vaxtı səslənib.
"Ukrayna ordusu atəşkəs elan edir! Lakin bu demək deyil ki, hərbçilərimizə təcavüz olarsa o cavabsız qalacaq. Ölkəmizin ərazisini qorumaq üçün əlimizdən gələni edəcəyik”, - Poroşenkonun sözlərindən prezident vebsəhifəsində iqtibas gətirilir.
Tanınmamış “Luhansk Xalq Respublikasının” lideri Valeriy Bolotov deyib ki, bölgədən Ukrayna qüvvələrinin geri çəkilməsinədək silahları yerə qoymaq niyyətində deyib.
Kreml atəşkəs barədə bəyanatın daha çox ultimatum kimi səsləndiyini bildirib.
Moskva Ukrayna şərqindəki separatçılara gizli dəstək göstərdiyi barədə ittihamları rədd edir.























