Poroshenko Ukraynanın şərqində atəşi dayandırmaq əzmindədir

Slavyanskda ukrayna hərbiçiləri və separatçılar arasında qarşıdurma olub.

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Slavyanskda ukrayna hərbiçiləri və separatçılar arasında qarşıdurma olub.

Şənbə günü vəzifəsinin icrasına başlayan Ukrayna prezidenti Petro Poroshenko ölkənin şərqində artıq bu həftə atəşin dayandırılmasının lazımlı olduğunu bəyan edib.

Bu bəyanat Slovyanskda ukrayna hərbiçiləri və separatistlər arasında yeni qarşıdurmanın fonunda səslənib.

“Biz bu həftəcə atəşi dayandırmalıyıq”, sülh planının gerçəkləşdirilməsi üzrə komissiyanın toplantısında Poroshenko deyib.

"Hər gün insanların ölməsi, hər gün Ukrayna belə böyük qiymət ödəməsi qəbuledilməzdir”.

Poroshenko Ukraynada sülh üçün addımlar atacağını deyib.

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Poroshenko Ukraynada sülh üçün addımlar atacağını deyib.

Onun sözlərinə görə, siyasi yönümündən asılı olmayaraq Donbasda yaşayan Ukrayna vətəndaşlarının təhlükəsizliyini sığorta etmək üçün ilk növbədə dövlət sərhədlərini bərpa etmək lazımdır.

Kiyevdə görüşdə Ukraynanın Almaniyadakı səfiri Pavel Klimkin, ATƏT-in Baş katibinin xüsusi həmsədri Handy Talyavini və Ukraynadakı Rusiya səfiri Mixail Zurabov iştirak edib.

Poroshenko bəyan edib ki, tərəflər Normandiyada Ukrayna, Rusiya, almaniya və Fransa dövlət rəhbərlərinin görüşü zamanı əldə edilmiş razılaşmaların reallaşdırılması üzərində işləməlidirlər,

Özünü müstəqil elan etmiş “Donetsk xalq respublikasının” rəhbərliyi Ukrayna prezidentinin bəyanatına inanmayıb və səfərbərliyi davam etdiyini bəyan edib.

“Poroshenko silahlı hərəkətlərin dayandırılması haqda bəyanatla nə demək istəyirdi, bunu ondan soruşun. Bizdə isə səfərbərlik və Donetskin müdafiəsi yönündə könüllülərin hazırlığı davam edir”, İnterfaks Agentliyinə birinci baş nazir müavini Andrey Purgin deyib.

Şənbə günü özünün inaqurasiya mərasimindəki nitqində “quldurlarla deyil, dinc vətəndaşlarla danışmağa hazır olduğunu” əlavə edərək Ukraynanın bütün ərazisinə sülh gətirəcəyinə söz verib.

Ölkənin cənub-şərqindəki vəziyyətdən danışarkən o, silahı təhvil verən hamıya amnistiya, “rusiya muzdluları” üçün koridor təqdim edəcəyini bəyan edib.

“Xahiş edirəm, silahı yerə qoyun və mən əlində qan olmayan hər kəsə toxunulmazlıq verməyə hazıram”, Poroshenko deyib.

İnaqurasiyadan əvvəl üç ölkə liderləri.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, İnaqurasiyadan əvvəl üç ölkə liderləri.

Donbas sakinlətinə müraciət edən Ukrayna prezidenti rus dilinə keçib və ölkənin cənub- şərqində növbədənkənar seçklərin keçirilməsinə hazır olduğunu və rusdilli əhalinin hüquqlarının qorunacağını bəyan edib.

“Mən yaxın zamanda ölkənin şərqinə prezident kimi nə ilə gedəcəm? Sülhlə, hakimiyyətin desentralizasiya layihəsi, rus dilinin sərbəst istifadəsi, regionun spesifik xüsusiyyətinə hörmətli münasibətlə”, Poroshenko deyib.

Cümə günü Normandiyada Poroshenkonun Rusiya prezidenti Vladimir Putinlə söhbəti olub.

Bu görüşdən sonra Putin deyib ki, o, Ukraynada qan tökmənin dayandırılmasının zəruriliyi barədə yeni prezidentin mövqeyini alqışlayır. Rusiya lideri qeyd edib ki, yeni seçilmiş Ukrayna prezidentinin köklənməsi “ümumilikdə doğrudur”.