Hörmüz boğazı İran müharibəsində niyə bu qədər vacib olub?
Şəklin mənbəyi, Getty Images
- Müəllif, Gavin Butler
- Müəllif, Toby Mann
- Müəllif, Patrick Jackson
- Oxuma vaxtı: 5 dəq
ABŞ və İsrailin 28 fevraldakı hücumundan sonra İran, dünyanın ən sıx neft nəqliyyat yollarından biri olan Hörmüz Boğazını faktiki olaraq bağlayıb.
Dünyanın neft və mayeləşdirilmiş təbii qazının (LNG) təxminən 20%-i normalda bu boğazdan keçir.
Buna görə də müharibə ilə birlikdə qlobal yanacaq qiymətləri də yüksəlib.
Hörmüz boğazı haradadır?
Şimalda İran, cənubda Oman və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə əhatə olunmuş bu su yolu Bəsrə körfəzini Oman dənizinə bağlayır.
Boğaz giriş və çıxışda təxminən 50 kilometr, ən dar nöqtəsində isə təxminən 33 kilometr enindədir.
Hörmüz boğazı dünyanın ən böyük xam neft tankerlərinin keçə biləcəyi dərinlikdədir və Yaxın Şərqdəki böyük neft və LNG istehsalçıları, həmçinin müştəriləri tərəfindən istifadə olunur.
ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) təxminlərinə görə, 2025-ci ildə Hörmüz boğazından gündə təxminən 20 milyon barel neft və neft məhsulları keçib.
Bu, ildə demək olar ki, 600 milyard dollar dəyərində bir enerji ticarəti deməkdir.
Neft yalnız İrandan deyil; İraq, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ kimi digər Körfəz ölkələrindən də gəlir.
Qlobal LNG-nin təxminən 20%-i də əsasən Qətərdən olmaqla bu boğazdan daşınır.
LNG, daşınmanı asanlaşdırmaq üçün həcmi 600 dəfə kiçildilmiş mayeləşdirilmiş qazdır.
Təyinat məntəqəsində yenidən qaza çevrilərək isitmə, yemək bişirmə və elektrik enerjisi istehsalında istifadə olunur.
Hörmüz, Yaxın Şərqdən həyata keçirilən gübrə ixracatı üçün də kritik bir marşrutdur; bölgədə gübrə istehsalında intensiv şəkildə təbii qazdan istifadə olunur. Dünyadakı gübrə ticarətinin təxminən üçdə biri normalda bu boğazdan keçir.
Əks istiqamətdə isə boğaz Yaxın Şərqə qida, dərman və texnoloji avadanlıq idxalı üçün həyati əhəmiyyətli bir kanaldır.
Boğazın bağlanmasının təsiri nədir?
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Normalda ayda təxminən 3 min gəmi boğazdan keçir, lakin İranın tankerləri və digər gəmiləri təhdid etməsi səbəbindən bu say böyük ölçüdə azalıb.
PUA-lar, raketlər, hücum qayıqları və mina təhlükəsi boğazdan keçməyə çalışan gəmilər üçün ciddi risk yaradır.
BBC martın 20-nə qədər İran sahilləri açıqlığında ticarət gəmilərinə qarşı 20 hücumu təsdiqləyib.
"Global Risk Management" şirkətində baş analitik Arne Lohmann Rasmussen "CBS News"a belə deyib:
"Hədəfə alına bilərsiniz və sığorta etdirə bilməzsiniz, ya da bu, həddindən artıq baha başa gələr; ona görə də təhlükəsizlik vəziyyəti yaxşılaşana qədər gözləməli olursunuz.
"Fiziki bir blokada olmasa da, İrandan gələn təhdidlər, həmçinin dron və raket hücumları səbəbindən tankerlər boğazdan keçmir".
Enerji qiymətləri enib-qalxır və münaqişədən əvvəlki səviyyələrdən xeyli yüksəkdir.
"Brent" markalı neft martın 25-də ABŞ-da bir barel üçün 101 dollara yüksəldi, ardından ABŞ Prezidenti Donald Trampın müharibəni bitirmək ehtimalına müsbət yanaşdığı açıqlamalarından sonra 98 dollara gerilədi.
ABŞ danışıqlar aparan şəxsləri müharibəyə son qoymaq üçün təqdim etdikləri 15 maddəlik planda İranın ilkin şərt olaraq, Hörmüz boğazını yenidən açmalı olduğunu bildiriblər.
Lakin İranın xarici işlər naziri ölkəsinin ABŞ ilə müharibəni bitirmək üçün danışıqlar aparmadığını və "belə bir niyyətinin olmadığını" deyib.
Şəklin mənbəyi, Reuters
İran daxil olmaqla Körfəz ölkələri gəlirləri üçün böyük ölçüdə enerji ixracından asılıdır.
Boğazın bağlanması Asiyanı da sərt vurub; İranın qlobal bazara satdığı neftin təxminən 90%-ni Çinin satın aldığı təxmin edilir.
Çin bu nefti məhsul istehsal etməkdə istifadə etdiyi və həmin məhsulları digər ölkələrə ixrac etdiyi üçün, neft qiymətlərindəki artım qlobal istehlakçılar üçün daha yüksək qiymətlər demək ola bilər.
Asiyada yanacaq böhranı gündəlik həyata təsir edir.
Hökumətlər işçiləri evdən işləməyə yönəldib, iş həftəsini qısaldıb, milli tətillər elan edib və universitetləri vaxtından əvvəl bağlayıb.
Afrikada Cənubi Sudan və Mavriki elektrik istehlakını məhdudlaşdıran tədbirlər görüb.
Avropada Sloveniya yanacaq məhdudiyyəti tətbiq edən ilk Aİ ölkəsi olub.
İran boğazı necə nəzarətdə saxlayır?
Birləşmiş Millətlər Təşkilatının qaydaları ölkələrə sahillərindən başlayaraq, 12 dəniz mili məsafəyə qədər ərazi sularına nəzarət etməyə icazə verir.
Ən dar nöqtəsində Hörmüz boğazı və nəqliyyat yolları tamamilə İran və Omanın ərazi sularında yerləşir.
Mütəxəssislərə görə, İranın boğazı hərbi cəhətdən məhdudlaşdırmasının ən effektiv yollarından biri sürətli hücum qayıqları və sualtı qayıqlardan istifadə edərək mina yerləşdirməkdir. İranın hücum qayıqları gəmi əleyhinə raketlər də daşıyır.
ABŞ boğazı yenidən açmaq üçün nə edir?
İndiyə qədər ABŞ boğaza hərbi gəmi göndərməyib; hərbi reaksiyasını İrana qarşı hava hücumları ilə məhdudlaşdırıb.
Məsələn, martın 18-də ABŞ ordusu boğaz boyu İrana aid gəmi əleyhinə qanadlı raket mövqelərini bombaladığını açıqladı.
Trump-ın müttəfiq ölkələrə və Çin daxil olmaqla digər ölkələrə Hörmüzü təminat altına almaq üçün hərbi gəmilər göndərmək çağırışı da böyük maraq görmədi.
Daha sonra o, ABŞ-ın əslində yardıma ehtiyacı olmadığını bildirdi.
ABŞ keçmişdə boğazdakı dəniz nəqliyyatının bərpası üçün hərbi gücündən istifadə etmişdi.
1980-ci illərdəki səkkiz illik İran-İraq müharibəsi zamanı neft obyektlərinə qarşı hücumlar "tanker müharibəsi"nə çevrilmiş, iki ölkə iqtisadi təzyiq yaratmaq üçün bitərəf gəmilərə hücum etmişdi.
Küveyt tankerləri xüsusilə müdafiəsiz idi.
Sonda ABŞ hərbi gəmiləri onları Körfəzdən keçidləri zamanı müşayiət etməyə başladı; bu, ABŞ Dənizçilik İnstitutuna görə İkinci Dünya Müharibəsindən bəri ən böyük dəniz əməliyyatlarından birinə çevrildi.
Gəmilər hələ də keçə bilirmi?
İran martın 24-də BMT nümayəndəliyi vasitəsilə yaydığı mesajda "düşmən olmayan gəmilərin" "müvafiq İran rəsmiləri ilə koordinasiya şərti ilə" Hörmüz boğazından keçməsinə icazə verəcəyini bildirdi.
"BBC Verify"ın bu ayın əvvəlindəki analizinə görə, 1–20 mart tarixləri arasında təxminən 100 gəmi Hörmüz boğazından keçib.
28 fevralda İran müharibəsi başlayandan bəri gündəlik trafik təxminən 95% azalıb.
Bu keçidlərin təxminən üçdə biri İranla əlaqəli gəmilər tərəfindən həyata keçirilib.
Martın 18-də CNBC tərəfindən verilən məlumata görə, 1–15 mart tarixləri arasında Çinlə əlaqəli cəmi 11 gəmi boğazdan keçib.
Martın 14-də Hindistan, öz bayrağı altında üzən iki mayeləşdirilmiş neft qazı (LPG) tankerinin Hörmüzdən keçdiyini və İranla aparılan danışıqların məhdudiyyətləri yüngülləşdirəcəyinə ümid etdiyini açıqlayıb.
Enerji ixracatçıları Hörmüzü dövriyyədən çıxara bilərmi?
Bağlanma təhlükəsi səbəbindən illər ərzində Körfəzdəki neft ixrac edən ölkələr quru boru kəmərləri inkişaf etdirməyə yönəliblər.
Səudiyyə Ərəbistanı gündə beş milyon barelə qədər xam neft daşıya bilən 1200 km uzunluğundakı "Şərq-Qərb Neft Boru Kəməri"ni idarə edir. Keçmişdə bir təbii qaz kəmərindən müvəqqəti olaraq xam neft daşımaq üçün də istifadə etmişdi.
BƏƏ daxili bölgələrdəki neft yataqlarını gündəlik ən azı 1,5 milyon barel tutumu olan boru kəməri ilə Oman körfəzindəki Füceyrə limanına bağlayıb.
Neft, Hörmüzdən yan keçmək üçün bu alternativ marşrutlara yönləndirilə bilər; lakin Reuters-in məlumatına görə, bu, gündəlik 8–10 milyon barellik təklif azalmasına səbəb olacaq. Bundan əlavə, Füceyrədəki neft yükləmələri də dron hücumları səbəbindən fasilələrlə üzləşib.