Trump: İranla müharibəni bitirmək üçün "hazırda danışıqlar aparılır"

Şəklin mənbəyi, Reuters
ABŞ və İsrailin İrana qarşı müharibəsinin iyirmi beşinci günü:
- İranda 82 mindən çox mülki obyekt zərər görüb
- Filippin Yaxın Şərqdə müharibə ilə əlaqəli olaraq dünyada milli enerji fövqəladə vəziyyəti elan edən ilk ölkə olub.
- BBC-nin diplomatiya üzrə müxbiri James Landale döyüşlərin dayandırılması ilə bağlı mümkün danışıqlar və reallıq arasında böyük uçurumdan yazır.
Bu və digər xəbərləri aşağıda oxuyun.
Trump: İranla "müharibədə qələbə qazanılıb"
ABŞ Prezidenti Donald Trump martın 24-də Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib ki, hazırda onun administrasiyası İranda "doğru insanlarla danışıqlar aparır" və iranlı rəsmilər razılığın əldə olunmasını "çox istəyirlər".
Ağ Ev rəhbəri İranla aparılan danışıqlara vitse-Prezident JD Vance və dövlət katibi Marco Rubio-nun da cəlb edildiyini bildirib.
Bundan əlavə, o, hazırda baş müşaviri Jared Kushner və Orta Şərq üzrə elçi Steve Witkoff-un hazırda İranla birbaşa danışıqlarda iştirak etdiyini diqqətə çatdırıb.
Trump-ın sözlərinə görə, İran rejimi razılaşıb ki, heç vaxt nüvə silahına malik olmayacaq.
Donald Trump açıqlamasında iranlı danışıqçılar tərəfindən ona "çox vacib sürpriz" edildiyini deyib və əlavə edib ki, bu sürpriz neft və qaz, eləcə də Hörmüz boğazı ilə bağlıdır. Lakin o, detallara toxunmayıb.
Donald Trump bu açıqlamanı iranlı rəsmilər ABŞ-la hər hansı təmasın olduğunu inkar etdikdən bir gün sonra verib. İran rəsmiləri martın 23-də Vaşinqton və Tehran arasında danışıqların getdiyinə dair iddiaları "saxta xəbər" adlandırmışdılar.
ABŞ Prezidenti İranla əldə edilən razılaşmanın nə dərəcədə işlək olacağı barədə suala isə cavab verərkən deyib ki, "müharibədə qələbə qazanılıb". Lakin o, müharibənin necə sona çatacağına dair heç bir ipucu səsləndirməyib.
İranda 82 mindən çox mülki obyekt zərər görüb
İranda müharibənin başlamasından bəri, İran Qızıl Aypara Cəmiyyətinin prezidentinin sözlərinə görə, ölkə daxilində 82.417 "mülki obyekt" hava hücumları nəticəsində zərər görüb.
Humanitar təşkilatın rəhbəri deyir ki, "281 xəstəxana, klinika və aptek də hədəfə alınıb".
Döyüşlərin dayandırılması ilə bağlı mümkün danışıqlar və reallıq arasında böyük uçurum
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
James Landale
BBC-nin diplomatiya üzrə müxbiri
Yaxın Şərqdə müharibənin dumanı diplomatiyanı da dumanlandırır. Tramp hər iki tərəfin danışıqlar apardığını deyir, İran isə bunu təkzib edir.
Lakin Pakistan və Türkiyə də daxil olmaqla vasitəçilər arasında dialoq baş verirmiş kimi görünür.
İslamabadda tərəflərin üz-üzə görüşə biləcəyi ilə bağlı danışılanlar var. Bütün bunlar bazarları canlandırıb.
Ancaq havada nikbinlik hiss olunmur.
Qarşılıqlı etimad demək olar ki, yoxdur; unutmayaq ki, ABŞ danışıqlar zamanı artıq iki dəfə İrana hücum edib.
ABŞ beş gündür İranın enerji infrastrukturlarına zərbələri dayandırsa da, düşmənçilik davam edir.
ABŞ-ın ictimai bəyanatları dəyişkən və bəzən bir-birinə ziddir.
Tərəflər münaqişəyə tam fərqli yanaşırlar: ABŞ üçün bu seçim müharibəsi, İran rejimi üçün isə sağ qalma savaşıdır.
Üstəlik, öz gündəliyi olan üçüncü döyüşən tərəfi – İsraili də unutmamalıyıq.
Bəli, artan iqtisadi ağrı və Körfəz müttəfiqlərinin təzyiqi Vaşinqtonda hiss olunur və Tramp çıxılmaz vəziyyətdən çıxış yolu axtarır.
Lakin mümkün danışıqlarda razılaşma üçün şərtlər çox yüksəkdir. İran nüvə və raket imkanlarının nə qədərindən imtina etməyə hazırdır?
ABŞ sanksiyaları qaldırmağa, daha hücum etməyəcəyinə dair zəmanət verməyə və hətta Tehrana Hörmüz boğazı üzərində müəyyən nəzarət imkanı tanımağa hazırdırmı?
Danışıqlar ehtimalı ilə münaqişənin əsl həlli arasında hələ də böyük bir uçurum mövcuddur.
Filippin İran müharibəsinə görə enerji fövqəladə vəziyyəti elan edib
Filippin Yaxın Şərqdə müharibə ilə əlaqəli olaraq dünyada milli enerji fövqəladə vəziyyəti elan edən ilk ölkə olub.
Bu ölkə neft tədarükündəki fasilələrdən daha çox əziyyət çəkən ölkələrdən biridir.
Əli Laricaninin yerinə təyinat olub
İran mediası yazır ki, Milli Ali Təhlükəsizlik Şurasının sədri vəzifəsinə Məhəmməd Bağır Zolğar təyin edilib.
O bu vəzifədə martin 17-də hücumlarda öldürülmüş Əli Laricanini əvəz edəcək.
Zolğar indiyədək müxtəlif yüksək vəzifələrə təyin olunub – İnqilab Keşikçiləri Korpusunda komandir müavini, daxili işlər nazirinin təhlükəsizlik üzrə müavini, ədliyyə nazirinin müavini və güclü əlverişlilik şurasının sədr müavini olub.
Neftin qiyməti: enmişdi, yenə qalxdı

Şəklin mənbəyi, AFP via Getty Images
Brent markalı neftin qiyməti yenə bir barel üçün 100 dolları ötüb.
Bazar ertəsi onun qiyməti kəskin ucuzlaşmışdı.
Asiya birjalarında çərşənbə axşamı günü səhər saatlarında Brent neftinin qiyməti 3,75 faiz artaraq 103,69 dollara, "Nymex Light Sweet"in qiyməti is' 3,42 faiz yüksələrək 91 dollar 55 sentə çatıb.
Bazar ertəsi Brent markalı neftin qiyməti 10 faizdən çox düşmüşdü.
Buna səbəb ABŞ Prezidenti Donald Trampın, münaqişənin daha da kəskinləşməsi kimi qiymətləndirilən yeni İran zərbələrini təxirə salması və tezliklə sülh razılaşmasının mümkün ola biləcəyini deməsi olmuşdu.
Neftin yenidən bahalaşması Tehranın ABŞ-la danışıqlar apardığını inkar etməsi ilə əlaqələndirilir.
Bu arada, Yaponiya Baş naziri Sanae Takaichi artan təchizat narahatlıqları fonunda ölkənin dövlət neft ehtiyatlarının bir hissəsinin 26 martdan etibarən buraxılacağını bildirib.
Yaponiya ötən həftə də ehtiyatlarından da istifadə edib. Ölkənin istifadə etdiyi neftin təxminən 95 faizi Hörmüz boğazından keçir.
Tramp: İranın "sülh üçün daha bir şansı var". İran danışıqları "saxta xəbər" adlandırıb

Şəklin mənbəyi, EPA
Tehrana hücumlar "yenidən başlayıb"
BBC Farscanın əməkdaşı Ghoncheh Habibiazad bildirib ki, üç mənbə ona Tehrana hücumların yenidən başladığını deyib.
"İran mediası İran paytaxtında hava hücumundan müdafiənin işə salındığını bildirir", - Ghoncheh Habibiazad deyib.
İsrailin Baş naziri Benyamin bu gün Donald Trampla danışdığını bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti inanır ki, İranla razılaşma əldə etmək "müharibənin məqsədlərinə çatması" üçün "bir fürsət"dir.
İsrailin Baş nazir deyib ki, bu razılaşma "onların "həyati maraqlarını qoruyacaq".
Netanyahu həmçinin İsrail ordusunun həm İranda, həm də Livanda zərbələr endirməyə davam etdiyini, Tehranın nüvə proqramını "məğlub etdiyini" və Hizbullaha "ağır zərbələr endirdiyini" söyləyir.
"Cəmi bir neçə gün əvvəl daha iki nüvə alimini məhv etdik və daha çoxu var. Hər vəziyyətdə həyati maraqlarımızı qoruyacağıq", - deyə o bildirib.
İran İnqilab Keşikçiləri Korpusu bildirb ki, İsrail və üç ABŞ hərbi bazasında zərbələr endiriblər.
İran İnqilab Keşikçiləri Korpusu ilə əlaqəli Tasnim xəbər agentliyi bildirib ki, İran dronları İsrailin "şimal, mərkəz və cənubunu" hədəfləyib.
ABŞ bazalarına gəldikdə isə, vurulmuş Küveytdə Əli əl-Səlam, Səudiyyə Ərəbistanında Əl-Xərc və BƏƏ-də Əl-Dhafra-dır, İran bildirib.
İsrail, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanı bu məlumata hələ ki reaksiya verməyiblər.
Bunun ardından İsrail hərbiyyəsi İran İnqilab Keşikçiləri Korpusunun təhlükəsizlik baş qərargahını vurduğunu deyib.
İsrail Müdafiə Qüvvələri deyib ki, bu, Tehrana hücumlar dalğası çərçivəsində həyata keçirilib və həmin qərargah Bəsic qüvvələri tərəfindən istifadə olunub.
İran parlamentinin spikeri ABŞ rəsmiləri ilə danışıqların aparıldığını təkzib edib
Son bir saat ərzində bir neçə xəbər agentliyi bəzi mənbələrə istinadən Donald Trampın xüsusi elçisi Steve Witkoff və Jared Kushner-in İran parlamentinin spikeri Məhəmməd-Bağer Qalibafla danışıqlar apardığını bildirib.
Məhəmməd-Bağer Qalibafın adı qeyd edilmiş X hesabında isə ABŞ ilə heç bir danışıqların aparılmadığı bildirilir.
O əlavə edib ki, neft bazarlarını "manipulyasiya etmək" üçün "saxta xəbərlərdən" istifadə olunub və İran xalqı "təcavüzkarların tam və peşman olacaqları qədər cəzalandırılmasını tələb edir".
Tramp: ABŞ və İran arasında "əsas razılaşma nöqtəsi" var
Tramp yeni açıqlamalar verib.
O, jurnalistlərə bildirib ki, ABŞ və İran arasında "əsas razılaşma nöqtəsi" var.
O, danışıqlar barədə "Görəcəyik ki, onlar hara aparacaq" deyib.
"Əsas razılaşma nöqtəmiz var; deyərdim ki, demək olar ki, bütün razılaşma nöqtələri", - o bildirib.
Prezident ABŞ-ın yeni ali liderlə deyil, "yüksək vəzifəli şəxslə" danışdığını deyib və əlavə edib: "Onun sağ olub-olmadığını bilmirik".
Tramp deyib ki, danışıqlara müşaviri Steve Witkoff və kürəkəni Jared Kushner də daxildir.
İranda isə bəzi mənbələr hər hansı danışığın olmadığını bəyan edib.
İsrail: Hədəf "Tehranın mərkəzidir"
İsrail Müdafiə Qüvvələri Tehrana zərbələr endirdiyini açıqlayıb.
İsrail Müdafiə Qüvvələri Telegram kanalında bildirib ki, hədəf Tehranın mərkəzidir.
Tramp "geri çəkilib" - Fars xəbər agentliyi
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ilə əlaqəli olan Fars Xəbər Agentliyi, adı açıqlanmayan bir İran mənbəsinə istinadən bildirib ki, "Trampla birbaşa və ya dolayı əlaqə olmayıb.
Mənbə Trampın "hədəflərinin Qərbi Asiyadakı bütün elektrik stansiyalarını əhatə edəcəyini eşidəndən sonra geri çəkildiyini" bildirib.
Trampdan yeni qərar: İranın elektrik və enerji infrastrukturuna "zərbələr" beş günlük təxirə salınır
ABŞ Prezienti Donald Tramp Yaxın Şərqdəki münaqişənin "tam və bütöv həlli" ilə bağlı "səmərəli danışıqlar" aparıldığını bildirib.
O deyib ki, İranın elektrik stansiyalarına və enerji infrastrukturlarına qarşı "istənilən və bütün zərbələri" beş günlük müddətə təxirə salacaq.
TruthSocial platformasında böyük hərflərlə yazıb ki, ABŞ və İran son iki gündə "Yaxın Şərqdəki düşmənçiliyin tam və bütöv həlli ilə bağı çox yaxşı və səmərəli danışıqlar aparıblar".
Trampın sözlərinə görə, həftə boyu danışıqlar davam edəcək və o, bu müddət ərzində İranın elektrik stansiyalarına və enerji strukturlarına qarşı bütün hərbi zərbələrin 5 günlük təxirə salınması barədə tapşırıq verib.
Bundan əvvəl, Tramp İranı hədələmişdi ki, Hörmüz boğazını açmasa, ölkənin enerji infrastrukturuna zərbələr endirəcək.
İranın Trampın son açıqlamasınıa hələlik şərhi məlum deyil, amma daha əvvəl bildirmişdi ki, ölkənin enerji infrastrukturu bombalansa, o da cavab verəcək.
Trampın son açıqlaması maliyyə bazarına təsir edib

Şəklin mənbəyi, Getty Images
Donald Tramp ABŞ və İranın "Yaxın Şərqdəki hərbi əməliyyatlarımızın tam və bütöv həlli ilə bağlı çox yaxşı və məhsuldar danışıqlar apardıqlarını" bildirdikdən sonra bazarlarda əvvəlki tendensiya dəyişib.
Brent markalı neftin qiyməti 13 faiz azalaraq bir barel üçün təxminən 96 dollara enib.
FTSE 100 indeksi əvvəlcə 2 faizən çox düşsə də, hazırda 0,5 faiz artıb.
Trampın Hörmüz boğazını açması üçün İrana verdiyi müddət azalır
ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını açması üçün İrana verdiyi vaxtın bitməsinə təxminən 24 saat qalıb.
Bu keçid dünyanın neft daşınmalarında ən çox istifadə olunan kanallarından biridir.
Tramp martın 22-də Truth Social platformasında bəyan edib ki, əgər Tehran dəniz yolunu heç bir şərt qoşmadan açmazsa, ABŞ İranın elektrik stansiyalarını "məhv edəcək".
Tramp bu postu Bakı vaxtı ilə martın 22-si saat 03:44-də paylaşıb.
Bu isə o deməkdir ki, Tehranın Hörmüz boğazını açması üçün martın 24-ü saat 03:44-dək vaxtı var.
Donald Tramp martın 22-də İranı Hörmüz boğazını yenidən açması üçün 48 saatlıq ultimatumla hədələmişdi.
O yazıb: "Əgər İran Hörmüz boğazını TAM AÇMAZSA, HEÇ BİR TƏHLÜKƏ OLMADAN, bu dəqiq vaxtdan etibarən 48 SAAT ərzində, Amerika Birləşmiş Ştatları onların müxtəlif ELEKTRİK STANSİYALARINA ZƏRBƏ ENDİRƏCƏK VƏ ONLARI YERLƏ-YEKSAN EDƏCƏK, ƏVVƏLCƏ ƏN BÖYÜK OLANDAN BAŞLAYARAQ!"
Sülh dövründə dünyanın neft və maye təbii qaz (LNG) daşımalarının təxminən 20 faizi bu boğazdan keçir ki, bu da Hörmüz boğazını qlobal enerji təchizatı üçün həyati əhəmiyyətli edir.
Hörmüz boğazının bağlanması və gəmilərə edilən hücumlar son həftələrdə neft qiymətlərinin kəskin artmasına səbəb olub.
İran isə Trampın açıqlamasından bəri bildirir ki, əgər onun elektrik stansiyaları vurulsa, o da Körfəz regionunda ABŞ-a bağlı neft sahələrini hədəf alacaq.
Heç bir ölkə son onilliklərin mümkün ən pis enerji böhranından sığortalanmayıb - Beynəlxalq Enerji Agentliyi

Şəklin mənbəyi, Reuters
Yaxın Şərq müharibəsi 1970-ci illərdə yaşanan enerji şoklarından daha pis və Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı başlatdığı işğalın ilk təsirləri ilə müqayisə edilən enerji böhranına səbəb ola bilər.
Bu xəbərdarlığı Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol Avstraliya mediasına verdiyi açıqlamada edib.
"1970-ci illərdə baş vermiş iki neft böhranı çoxumuzun yadındadır. Həmin vaxt dünya bu böhranların hər birində gündəlik olaraq təxminən 5 milyon barel itirirdi. Hər iki böhranın birlikdə vurduğu itki isə gündəlik 10 milyon barel idi", - Birol deyib.
ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibədən "bugünədək hər gün 11 milyon barel itirmişik, bu rəqəm iki əsas neft şokunun yaratdığı itkidən daha çoxdur", qurumun rəhbəri qeyd edib.
İranın blokadası səbəbindən neft və maye qazın Hörmüz boğazı ilə daşınmasında yaranan azalmanı əsas gətirən Fatih Birol bildirib ki, heç bir ölkə enerji böhranının nəticələrindən sığortalanmayıb.
Məsud Pezeşkian: "Təhdidlər yalnız birliyimizi gücləndirir"

Şəklin mənbəyi, Getty Images
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ABŞ-ın İranın enerji infrastrukturunu vurmaqla bağlı hədələri "ümidsizliyin" əlamətidir.
O əlavə edib ki, Hörmüz boğazı "torpağımızın bütünlüyün pozanlar istisna olmaqla hər kəs üçün açıqdır".
Bu barədə o X platformasında yayımlanan bəyanatında yazıb.
"İranı xəritədən silmək illüziyası, tarix yazan bir millətin iradəsinə qarşı ümidsizliyin göstəricisidir. Təhdidlər və terror yalnız birliyimizi gücləndirir. Hörmüz boğazı, torpağımızı pozanlar istisna olmaqla hamı üçün açıqdır. Biz döyüş meydanında, sayıqlıq içində səsləndirilən təhdidlərə qətiyyətlə cavab verəcəyik".
SEPAH: Elektrik stansiyaları hədəf alınsa, Hörmüz boğazı "tam bağlanacaq"

İran mediasında yayımlanan bəyanatda İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirir ki, ABŞ İranın enerji infrastrukturunu hədəf alacağı təqdirdə Hörmüz boğazını "tamamilə bağlayacaq".
Tramp daha əvvəl Hörmüz boğazı 48 saat ərzində açılmasa, İranı elektrik stansiyalarını "yerlə-yeksan edəcəyi" ilə hədələmişdi.
SEPAH bildirir ki, əgər ABŞ İranın enerji infrastrukturlarını hədəf almaq təhdidini reallaşdırsa, onlar boğazı bağlayacaq və "dağıdılmış elektrik stansiyaları bərpa olunana qədər" açılmayacaq.
Bundan əlavə, SEPAH İsraildəki elektrik stansiyalarını, enerji infrastrukturunu və informasiya texnologiyaları obyektlərini "geniş şəkildə" hədəf alacağını bəyan edib.
Həmçinin bölgədə "ABŞ səhmdarları olan oxşar şirkətlərin də" hədəf alınacağını bildirib.
SEPAH əlavə edib ki, "Amerika bazalarını yerləşdirən bölgə ölkələrinin elektrik stansiyaları bizim legitim hədəflərimiz olacaq".
Bəyanatda həmçinin deyilir: "Biz müharibəyə başlamamışıq və indi də başlamayacağıq, lakin düşmən bizim elektrik stansiyalarımıza zərər vərərsə, ölkəni və xalqımızın maraqlarını qorumaq üçün hər şeyi edəcəyik".
İranın raket zərbələrindən sonra İsraildə böyük dağıntılar olub

Şəklin mənbəyi, Getty Images
Şənbə günü İran raketləri İsrailin cənubunda yerləşən kiçik Arad və Dimona şəhərlərini vurub.
Hava hücumundan müdafiə sistemləri raketi zərərsizləşdirməkdə uğursuz olub.
İsrail rəsmiləri deyir İranın raketlərinin vurduğu şəhərlərində 160-dan çox insan yaralanıb.
İsrailin fövqəladə hallar xidməti rəsmilərinə görə, onlardan bəzilərinin vəziyyəti ağırdır.
Onların bildirdiyinə görə, Arad şəhərində 84 nəfər, Dimonada isə 78 nəfər müalicə olunur.

Şəklin mənbəyi, EPA/SHUTTERSTOCK
Şənbə axşamı ballistik raketlərin vurduğu bu şəhərlər nüvə obyektinə yaxın yerləşir.
Aradda baş verən zərbə bir neçə binaya ciddi ziyan vurub və dərin bir krater yaradıb.
Dimona isə İsrailin inkişaf etmiş hava müdafiə sistemindən yayınan raketin yaratdığı oxşar zərbə ilə üzləşib.
Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) Dimonadan təxminən səkkiz mil (13 km) məsafədə yerləşən nüvə tədqiqat obyektində hər hansı ziyan barədə məlumat olmadığını bildirir.
İran dövlət televiziyası daha əvvəl zərbələrin şənbə günü İranın Natanz nüvə obyektinə edilən hücuma cavab olaraq həyata keçirildiyini deyib.
IAEA isə həmin obyekt yaxınlığında "radiasiya səviyyəsində heç bir artım qeydə alınmadığını" açıqlayıb.
İsrailin Baş naziri Benyamin Netanyahu hadisəni ölkə üçün "çox çətin bir axşam" kimi təsvir edib.

Şəklin mənbəyi, Reuters

Şəklin mənbəyi, EPA

Şəklin mənbəyi, Reuters
Putindən İrana: Moskva Tehranın "sadiq dostu" olaraq qalır

Şəklin mənbəyi, SPUTNIK/KREMLIN POOL/EPA/Shutterstock
Rusiya Prezidenti Vladimir Putin İranın yeni Ali lideri və Prezidentinə göndərdiyi mesajda bildirib ki, Moskva bu çətin vaxtda "Tehranın sadiq dostu və etibarlı tərəfdaşı" olaraq qalır.
İran yeni ilinin ilk günü münasibətilə göndərdiyi təbrikdə Putin Möctəba Xamenei və Məsud Pezeşkiana müraciət edərək ümid etdiyini bildirib ki, İran xalqı bu çətin sınaqlardan ləyaqətlə çıxacaq. Bu barədə Kremlin açıqlamasında deyilir.
İranın hücumlarından sonra İsraildə yaralı sayı artıb

Şəklin mənbəyi, Reuters
İsrailə yeni İran hücumunda 30 nəfər yaralanıb.
İsrailin Təcili Tibbi Yardım xidməti Magen David Adom (MDA) Arad şəhərinə raket hücumu nəticəsində təxminən 30 yaralıya yardım göstərildiyini bildirir. Yaralıların müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları bildirilir.
MDA yaralılar arasında ağır vəziyyətdə 5 yaşlı qızın olduğunu açıqlayıb.
Xidmətdən həmçinin 4-ü ağır olmaqla 33 yaralının hospitala aparıldığını, 12 nəfərin orta, 17 nəfərinsə yüngül xəsarətlər aldığı bildirilib.
MDA həmçinin "'başqa yaralıların olub-olmadığını yoxla"dığını bəyan edib.
11 orta dərəcəli yaralı və bir neçə yüngül xəsarət alan şəxsin olduğunu açıqlayıb.
Hadisə yerinə MDA helikopterləri və geniş tibbi qruplar cəlb olunub.
Bu hücumdan əvvəl Dimonaya vurulan zərbələrdə 47 nəfər yaralanıb.
Dimona ona görə vacibdir ki, ondan təxminən 13 kilometr məsafədə İsrailin elan edilməmiş nüvə silahlarını saxladığı bazaları yerləşir.
Tehranda dağıntıları göstərən fotolar

Şəklin mənbəyi, Reuters
ABŞ və İsrailin İrana birgə zərbələri davam edərkən Tehrandan yeni dağıntı fotoları yayılıb. Görüntülərdə paytaxtda binaların zədələndiyi və küçələrin dağıntılarla dolu olduğu görünür.
İnsan haqları təşkilatı Human Rights Activists News Agency (HRANA) bildirib ki, cümə günü İrana azı 640 raket zərbəsi endirilib.
ABŞ‑da mənzillənən agentlik bildirir ki, cümə günü axşam saatlarından etibarən İranın 17 vilayətində ən azı 640 hava zərbəsi qeydə alınıb.
Təşkilatın məlumatına görə, bu zərbələr nəticəsində azı 68 nəfər həlak olub və ya yaralanıb.
Ölənlərin mülkilər və ya hərbçilər olduğu bilinmir.

Şəklin mənbəyi, Reuters
HRANA əlavə edib ki, müharibənin davam etdiyi üç həftə ərzində İranda təxminən 1400 nəfər, o cümlədən 210 uşaq həlak olub. Bundan başqa, 1165 hərbiçinin ölümü qeydə alınıb. Daha 657 nəfərin həlak olduğu təsdiqlənib, amma onların mülkilər və ya hərbçilər olduğu hələ aydınlaşdırılmayıb.

Şəklin mənbəyi, Reuters
Yeraltı bazalarına zərbələrdən sonra İranın Hörmüz boğazında təhdid olmaq potensialı "zəifləyib"
ABŞ Mərkəzi Komandanlığı bildirir ki, yeraltı silah anbarına endirilən hava zərbəsindən sonra İranın Hörmüz boğazında gəmilərə təhdid yaratmaq qabiliyyəti zəiflədilib.
ABŞ Mərkəzi Komandanlığının komandanı, admiral Bred Kuper X platformasında paylaşdığı video müraciətində deyib ki, tək İranın hərbi bazası yox, gəmi hərəkətini izləmək üçün istifadə olunan kəşfiyyat və radar sistemləri də məhv edilib.
ABŞ həmçinin indiyədək İranda 8 mindən çox hərbi hədəfə, o cümlədən 130 İran gəmisinə zərbə vurduğunu açıqlayıb.
Bu arada, bildirilir ki, İran Diego Garcia hərbi bazasına iki raket atıb, lakin zərbələr hədəfə dəyməyib.
BBC-dən Jonathan Beale isə İran raketlərinin Diego Garsiaya çatıb-çatmayacağı imkanlarını sorğulayır.

Şəklin mənbəyi, Getty
"İran raketlərinin Diego Garcia-ya çata bilməsi hələ də şübhəlidir. Baza İrandan 3800 kilometr uzaqlıqdadır. İranın məlum ən uzun mənzilli raketlərinin - Xorrəmşəhrin gedə biləcəyi məsafə təxminən üç min kilometrdir.
İndiyədək İranın ən çox iki min kilometr uzaqlığa çatan orta mənzilli ballistik raketlərə sahib olduğu düşünülürdü.
ABŞ və İsrail ötən il İranın uzun mənzilli raket istehsalını hədəfə alıb. Hazırda İranın qalan raket arsenalının çoxu qısa mənzilli ballistik raketlərdir. Son həftələrdə İsrail və Körfəz ölkələrinə atılan raketlər də məhz bu tipdədir. Bu gün atıldığı bildirilən iki raketin hədəfə çata bilməsi barədə heç bir sübut yoxdur", - Beale yazıb.
İranda yeni il qeyd olunsa da, sakinlərdən bəziləri bayram əhvalını hiss etmədiklərini deyirlər.
İran, həmçinin, Natanz nüvə obyektinin yenidən hədəf alındığını açıqlayıb, lakin ətraf üçün təhlükə olmadığını bildirib. 2025-ci ilin İyun ayında da İsrail Natanz nüvə yatağını vurmuşdu və obyekt zərər görsə də, radiasiya səviyyəsinin artmadığı bildirilirdi.
Bu arada, MAQATE bildirir ki, İsrailin cənubundakı Negev nüvə mərkəzi yaxınlığında raket hücumu baş verib, lakin mərkəzin zərər gördüyünə dair heç bir sübut yoxdur və radiasiya səviyyəsində artım qeydə alınmayıb.
Agentliyin rəhbəri Rafael Qrossi nüvə obyektləri yaxınlığında xüsusilə maksimum hərbi təmkin göstərilməsinin vacibliyini vurğulayıb.
İranın xarici işlər naziri Əraqçı deyib ki, Tramp "müharibəni azaltmaqdan" danışsa da, ABŞ-ın təcavüzü dayandırmağa hazır olduğu görünmür.
Bu gün İİKK-nın Hava‑Kosmik Qüvvələrinin komandanı bildirib ki, İran gecə saatlarında İsrailə daha çox raket atacaq.
Seyid Məcid Musəvi X platformasında yazıb:
"Bu andan etibarən İran oğullarının (qüvvələrinin) işğal olunmuş ərazilərin səması üzərində raket üstünlüyünü elan edirəm".
O əlavə edib ki, "yeni taktika və buraxılış sistemləri" ABŞ və İsraili "heyrətə salacaq".
ABŞ dənizdə qalan İran neftinə tətbiq olunan sanksiyaları müvəqqəti qaldırdığını açıqlayıb

Şəklin mənbəyi, Reuters
ABŞ Maliyyə Nazirliyi hazırda dənizdə qalan İran neftinə tətbiq olunan sanksiyaların müvəqqəti olaraq qaldırıldığını açıqlayıb. Bu addım, neftin əksər ölkələrə satılmasına imkan verəcək və məqsəd qlobal neft qiymətlərinin artmasının qarşısını almaqdır.
Cümə günü X sosial mediasında paylaşılan açıqlamada Maliyyə naziri Scott Bessent bildirib ki, bu "qısamüddətli icazə" təxminən 140 milyon barrel İran neftinin qlobal bazarlara daxil olmasına şərait yaradacaq.
Bessent deyib ki, İran bu satışdan əldə ediləcək gəlirə asanlıqla çıxış edə bilməyəcək.
Nazir əlavə edib ki, verilən icazə yalnız artıq yolda olan neftə aiddir və yeni alışlar və ya yeni istehsal üçün keçərli deyil.
"Əslində, qiymətləri aşağı saxlamaq üçün İran neftini Tehranın özünə qarşı istifadə edəcəyik", o vurğulayıb.
Müharibə başladıqdan və İranın Yaxın Şərqdə enerji infrastrukturlarını hədəf alan hücumlarından sonra neft və qaz qiymətləri kəskin şəkildə artıb.
Brent markalı neftin qiyməti hazırda bir barel üçün təxminən 112 dollar səviyyəsindədir, bu, cümə günü 3 faiz, son bir ildə isə 53 faiz artım deməkdir.
Ekspertlər ABŞ-ın sularda qalan İran neftinə sanksiyaları müvəqqəti olaraq qaldırması qərarının qiymətlərə təsirinin məhdud olacağını, hətta İran rejiminə əlavə vəsait axınını artıra biləcəyini bildirirlər, BBC-dən biznes müxbiri Natalie Sherman yazıb.
Müharibə nəticəsində gəmiçiliyə və istehsala dəyən ziyana görə, dünyada enerji qiymətləri sürətlə bahalaşır.
Müharibədən əvvəl İrandan ixrac olunan neftin əsas alıcısı Çin idi. ABŞ və digər ölkələrin sanksiyalarına görə, Tehran nefti Pekinə ucuz böyük endirimlə satıb.
Dünyada günlük istehlak olunan 100 milyon barel neftin təxminən beşdə biri adətən İran sahilləri boyunca uzanan Hörmüz boğazı vasitəsilə global bazara çıxıb. Lakin fevralın sonundan - müharibə başlayandan bəri boğazda gəmi hərəkəti demək olar ki, tam dayanıb. Ora hansı gəminin girib, hansının çıxacağına yalnız İran qərar verir.
Bəzi neft yükləri alternativ marşrutlara yönləndirilsə də, ekspertlər hesab edir ki, münaqişə qlobal neft təchizatının təxminən 10 faizini bazardan çıxarıb.
"İran və Qətərin birgə işlədiyi böyük qaz yatağına qarşı qarşılıqlı zərbələr isə hətta müharibə yaxın zamanda bitsə belə gələcək illərdə yanacaq hasilatı və ixrac gücünün məhdudlaşa biləcəyi narahatlığını artırır", Sherman vurğulayır.
Körfəzdə kritik vəziyyət: münaqişə bu məqamda "sakitləşə də" bilər, "pisləşə də"

Şəklin mənbəyi, Getty Images
Münaqişə dördüncü həftəsinə qədəm qoyarkən Yaxın Şərq boyunca zərbələr davam edir. Bağdadda ABŞ diplomatik obyektlərindən birində böyük yanğın qeydə alınıb.
BBC-nin təhlükəsizlik məsələləri üzrə müxbiri Frank Gardner izah edir ki, Körfəz hazırda kritik nöqtədədir və hadisələr burada iki yönə də inkişaf edə bilər.
"Münaqişə burada sakitləşməyə başlaya da bilər. Çünki Hörmüz boğazını açmaq və qaz və neftin daşınmasına imkan verilməsi və dwnyan;n bu bölgəsində raket zərbələrinin dayandırılması üçün beynəlxalq təzyiq çox yüksəkdir və lakin hadisələrin gedişatına görə pisləşə də bilər. Bölgəyə 2500 dəniz piyadasının gətirilməsi fonunda heç kim bilmir ki, Prezident Trumpın niyyəti nədir? Bir də Səudiyyə Ərəbistanı var, hansı ki, İran raketlərinin onların infrastrukturunu hədəf alan zərbələrindən bezib və səbrləri tükənmək üzrədir və üstəlik onlar bu müharibədə tərəf olmadıqlarını bəyan ediblər".
Gardner vurğulayır ki, indi vəziyyətin hansı istiqamətə doğru inkişaf edəcəyi hələ də aydın deyil. Hadisələrin axarı pisə doğru da inkişaf edə bilər. Hələ ki, bölgədə gərgin vaxtlardır. Lakin əhali burada hər şeyə rəğmən bayramı qeyd etməyə çalışır.
Regiondan son yeniliklər bunlardır:
ABŞ mediası yazır ki, İran Hind okeanındakı ABŞ‑Böyük Britaniya birgə hərbi bazası olan Diego Garciaya iki ballistik raket atıb. Hazırda bu barədə rəsmi təsdiq yoxdur. BBC bununla bağlı Böyük Britaniyanın Müdafiə Nazirliyinə müraciət edib. Pentaqon isə sorğulara "verəcək məlumatımız yoxdur" cavabı verib.
İsrail bildirir ki, qüvvələri Cənub Livanda İrana bağlı Hizbullah qruplaşması ilə toqquşub və dörd nəfəri öldürüb.
Livan mediası isə İsrail ordusunun Beyruta iki hava hücumu həyata keçirdiyini yazır. Hizbullah isə İsrailin Rosh Pinna şəhəri yaxınlığındakı Filon bazasına raket zərbələri endirdiyini iddia edir.
"Cənubi Koreya Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsinə "uyğun tədbirlərlə töhfə verməyə hazır olduğunu" bildirən bəyanata qoşulan ən son ölkə olub. Bu isə ABŞ Prezidenti Tramp üçün qələbəyə gedən yolda ən böyük maneələrdən biri ola bilər", BBC-dən Jacob Phillips yazır.
Trampın tonundakı dəyişiklik Hörmüz boğazının təkcə ABŞ tərəfindən həll edilə bilməyəcəyinin qəbul edildiyini göstərir
BBC-nin Şimali Amerika müxbiri Simi Jolaoso yazır ki, Prezident Tramp Hörmüz boğazına görə yaranan strateji çıxılmaz vəziyyətlə mübarizə aparır.
Bu boğaz müharibədə qələbə elan etməsi ilə onun arasında duran yeganə maneə ola bilər.
Tramp artıq boğazdakı vəziyyəti ABŞ-ın problemi deyil, bütün dünyanın problemi kimi təqdim edir. Halbuki o, bundan əvvəl ABŞ-ın boğazda əmin-amanlığı "istənilən halda" təmin edəcəyini deyir və NATO müttəfiqləri, eləcə də Yaponiya və Cənubi Koreya kimi əsas tərəfdaşların dəstəyinə ehtiyac olmadığını vurğulayırdı.
İndi isə o, bu ölkələri yenidən prosesə qoşulmağa çağırır və bəzilərinin tərəddüdünü "qorxaqlıq" adlandırır.
Reallıq budur ki, Hörmüz boğazındakı hər bir gərginlik Washingtondakı yanacaqdoldurma məntəqəsinə necə təsir edirsə, Tokiodakı bir məntəqəyə də eyni şəkildə təsir edir.
Prezident Trampın tonundakı dəyişiklik göstərir ki, o, bu məsələni təkbaşına həll edilə bilməyəcəyini və öz gücü ilə çıxış yolu tapmaqda çətinlik çəkdiyini artıq qəbul edir.
Xamenei: Türkiyə və Omana qarşı hücumlar İran və ya onun müttəfiqləri tərəfindən "törədilməyib"
İranın yeni Ali lideri Möctəba Xamenei cümə günü verdiyi Novruz mesajında bildirib ki, ölkənin müdafiə xətti "düşmənlərin düşündüyündən daha güclüdür" və onların İranın daxili gücünü səhv qiymətləndirdiyini deyib, Türkiyənin Anadolu Agentliyi yazıb.
Agentlik yazır ki, Xamenei müharibənin "düşmənlərin İranda xalq üsyanı yaratmaq ümidləri puça çıxandan sonra" başladığını vurğulayıb.
Xameneinin sözlərinə görə, yüksək rütbəli liderlərə edilən sui-qəsdlərin xalq arasında qorxu yaratmayacağı aydın oldu, çünki iranlılar ölkə üzrə "geniş müdafiə xətti" formalaşdırıblar. O, həmçinin medianı daxili zəiflikləri qabartmamağa çağırıb.
Yeni ilin şüarı olaraq "milli birlik və milli təhlükəsizlik altında müqavimət iqtisadiyyatı" elan edilib.
O həmçinin Türkiyə və Omana qarşı hücumların İran və ya onun müttəfiqləri tərəfindən törədilmədiyini deyib və İsraili İran ilə qonşuları arasında ixtilaf yaratmağa çalışmaqda ittiham edib.
Fevralın 28-də ABŞ və İsrailin İrana birgə hücumları nəticəsində, o cümlədən keçmiş Ali lider Əli Xamenei də daxil olmaqla, təxminən 1 300-dən çox şəxs həlak olub. İran buna cavab olaraq İsrailə, İordaniyaya, İraqa və ABŞ bazalarının yerləşdiyi Körfəz ölkələrinə dron və raket zərbələri endirib. Hücumlar həm tələfat, həm də infrastrukturda ciddi ziyanla yanaşı, qlobal bazarda və aviasiyanın fəaliyyətində müəyyən problemlərə yol açıb.



























