ABŞ və İsrailin İranla müharibəsindən bir ay keçir: Yəməndən İsrailə raket atılıb

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, İranın paytaxtı Tehranda xilasedicilərdən qohumunun meyitini alarkən ona ağı deyən qadın. 27 mart 2026-cı il.
    • Müəllif, Sebastian Usher
    • Vəzifə, Yaxın Şərq analitiki
  • Oxuma vaxtı: 15 dəq

ABŞ və İsrailin İranla müharibəsinin 29-ci günü:

  • Husilər İsrailə ikinci raketi atıb və Qırmızı dənizdə gəmiçiliyə qarşı yeni təhdid səsləndiriblər
  • İsrailin hava hücumu nəticəsində Livanda üç jurnalist həlak olub
  • Türkiyə münaqişəni sonlandırmaq üçün səy göstərən ölkələrdəndir
  • Yəməndəki Husilər ABŞ və İsraili İran tərəfdən müharibəyə qoşula biləcəkləri ilə hədələyib
  • Qətər və Ukrayna iki ölkənin həm raketlərdən, həm də dronlardan gələn təhdidlərə qarşı müdafiə müqaviləsi imzalayıblar.
  • ABŞ İranın enerji obyektlərini hədəf alma müddətini daha 10 gün uzadıb
  • Donald Trump bildirib ki, İranla danışıqlar "olduqca yaxşı" gedir, İran buna hələlik münasibət bildirməyib, lakin daha əvvəl rəsmi Tehran açıqlamışdı ki, onlar Vaşinqtondan atəşkəs üçün verdikləri təklifə cavab gözləyirlər

Bu və digər xəbərləri aşağıda oxuyun.

Husilərin Qırmızı dəniz gəmiçiliyinə potensial təhdidi qlobal iqtisadiyyata daha da zərər verə bilər

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, 28 mart 2026-cı ildə Yəməndən İsrailə atılan raket izlərinin görüntüsü. ABŞ və İsrailin İrana hücumundan bəri ilk dəfə olaraq Yəməndən İsrailə raket atıldığı deyilir

Husilər, İranla əlaqələrinə və İrandan dəstək almalarına baxmayaraq, müharibənin ilk dörd həftəsində atəş açmadılar.

İndi isə Yəmənin paytaxtı Sənanı, ölkənin şimalını və digər ərazilərini hələ də əlində saxlayan hərəkat ilk addım kimi İsrailə raket atdı.

Husilərin raket atəşi ilə İsrailə yaratdığı təhlükənin İranın yaratdığı təhlükədən daha az olduğu doğrudur, lakin qrup Yəmən sahillərində təhlükə yaradır.

Qəzzada HƏMAS-a dəstəyinin bir hissəsi olaraq, qrup Yəmən və Afrika Buynuzu arasında, Qırmızı dənizin cənub ucundakı Bab əl-Məndəb boğazından keçən gəmiçiliyi hədəf aldı.

Onların bu hərəkəti daha sonra bu əsas ticarət dəniz yoluna təhlükə yaratdı.

Əgər onlar bunu yenidən etsələr, bu, qlobal iqtisadiyyata daha bir böyük zərbə olardı.

İranın Hörmüz boğazını bağlaması ilə birlikdə, ticarət və enerji təchizatı üçün dünyanın iki əsas strateji su yolu potensial olaraq kəsilə bilər.

İsrailin hava hücumu nəticəsində üç jurnalist həlak olub

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, İsrailin hava hücumu nəticəsində Livanda üç jurnalist həlak olub
WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

İsrailin hava hücumu nəticəsində Livanda üç jurnalist həlak olub.

Onların hədəf olduqları yerdə yanmış avtomobil və jurnalistlərin yanmış jiletləri qalıb.

Camal Əl-Garabi, Beyrutda yerləşən Əl Mayadin telekanalında çalışır və həmkarlarının həlak olduğu yerdə qalan əşyaları göstərir.

Hücumda öldürülən jurnalistlərdən ikisi onun həmkarları idi: müxbir Fatima Fetoni və operator Məhəmməd Fetoni.

Hizbullahın Al Manar TV telekanalının müxbiri Ali Shoeib də öldürülüb.

Shoeibin ölümünü Telegram-dakı paylaşımda təsdiqləyən İsrail Müdafiə Qüvvələri (IDF) onu "jurnalist adı altında Hizbullah agenti" olmaqda ittiham edib.

Lakin hücuma cavab olaraq mətbuat azadlığını təşviq edən aparıcı qurum olan Jurnalistləri Müdafiə Komitəsi (CPJ) deyir ki, "Jurnalistlər, hansı mediada çalışmalarından asılı olmayaraq, qanuni hədəf deyillər".

Jurnalistləri Müdafiə Komitəsinin regional direktoru Sara Qudah deyir ki, həm bu müharibədə, həm də ondan əvvəlki onilliklərdə "İsrailin jurnalistləri etibarlı dəlil təqdim etmədən aktiv döyüşçü və terrorçu olmaqda ittiham etməsi" kimi "narahatedici bir nümunə" mövcuddur.

Qəzzadakı müharibə zamanı İsrail dəfələrlə mülki şəxsləri qəsdən hədəf aldığını inkar edib.

Qətər və Ukrayna müdafiə müqaviləsi imzalayıblar

Şəklin mənbəyi, Reuters

Qətər və Ukrayna iki ölkənin həm raketlərdən, həm də dronlardan gələn təhdidlərə qarşı mübarizədə təcrübələrini bölüşməsinə imkan verəcək müdafiə müqaviləsi imzalayıblar.

Bu, Ukrayna Prezidenti Volodimir Zelenskinin bu həftə Körfəz ölkələrinə etdiyi gizli səfəri zamanı etdiyi bir sıra razılaşma və müzakirələrin sonuncusudur.

Bu barədə Qətər Müdafiə Nazirliyi açıqlama yayıb.

Müqavilə texnologiya, eləcə də müdafiə investisiyaları sahəsində əməkdaşlığa imkan verəcək.

İran Türkiyənin Pakistandakı danışıqlardan əvvəl kömək təklif etdiyini deyir

İran Xarici İşlər Nazirliyinin məlumatına görə, Türkiyənin xarici işlər naziri ölkənin Yaxın Şərq müharibəsinin həllində "konstruktiv rol" oynamağa hazır olduğunu bir daha bildirib.

Türkiyə və İran xarici işlər nazirləri telefon danışığı aparıblar və İran xarici işlər naziri Abbas Əraqçi həmkarına Ankaranın müharibəni indiyə qədər dayandırmaq səylərinə görə təşəkkür edib.

Türkiyə münaqişəyə son qoymaq üçün diplomatik üsullar axtaran ölkələrdən biridir.

Daha əvvəl Pakistan açıqlayıb ki, Türkiyə – Səudiyyə Ərəbistanı və Misirlə birlikdə – bazar ertəsi günü İslamabadda gərginliyin azaldılması ilə bağlı danışıqlarda iştirak edəcək.

Türkiyənin bu münaqişədə incə bir yolu var. O, NATO üzvüdür, eyni zamanda İranın qonşusu olaraq onunla 482 kilometrdən çox sərhədi bölüşür.

Yəməndən İran müharibəsinə qoşulma hədəsi

İsrail Müdafiə Qüvvələri (İMQ) Yəməndən İsrailə tərəf raket atıldığını bildirib. Reuters və France-Presse-in məlumatına görə, bu, müharibə başladığından bəri Yəməndən atılan ilk raketdir.

"İMQ Yəməndən İsrail ərazisinə raket atıldığını müəyyən edib, hava hücumundan müdafiə sistemləri təhlükəni aradan qaldırmaq üçün işləyir", – deyə İsrail ordusu Telegram-da yazıb.

Təxminən 15 dəqiqə sonra İMQ insanların ölkə daxilində sığınacaqları tərk edə biləcəklərini bildirib.

Bu, Yəmənin İran tərəfindən dəstəklənən Husi hərəkatının sözçüsünün İrana hücumlar davam edərsə, Yaxın Şərqdə müharibəyə girəcəklərini deməsindən sonra baş verib.

Yəmən ordusunun Husi fraksiyası olan Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Sari bildirib ki, "barmaqlarımız birbaşa hərbi müdaxilə üçün tətikdədir".

O, Telegram-dakı açıqlamasında aşağıdakı hallarda bunu edəcəklərini deyir:

  • İstənilən digər dövlətlər ABŞ və İsraillə birlikdə İrana qarşı birləşərsə.
  • Qırmızı dəniz "ABŞ və İsrail tərəfindən İran İslam Respublikasına və istənilən müsəlman ölkəsinə qarşı düşmənçilik əməliyyatları aparmaq üçün" istifadə olunarsa.
  • İrana qarşı "gərginliyin davam etməsi" halında.

Bəyanatda deyilir ki, bu, "ABŞ və İsrail düşmənlərinin İran İslam Respublikasına, Fələstinə və Qəzzaya, İraqa və Livana qarşı davam edən təcavüzünə" cavabdır.

İran və İsrail bir-birini bombalayıb

İran və İsrail gecə ərzində bir-birinə hücuma davam edib.

Tehran üzərində yeni partlayışlar və Təl-Əvivdə bir nəfərin ölümü qeydə alınıb.

Son bir neçə saat ərzində Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Bəhreyndə hava hücumundan müdafiə sistemləri də işə salınıb və dronların qarşısı alınıb.

Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi ölkənin paytaxtı Ər-Riyad istiqamətində atılan ballistik raketi zərərsizləşdirdiklərini bildirib.

Bundan əvvəl, cümə günü Səudiyyə Ərəbistanındakı ABŞ-a məxsus hava bazasına edilən hücumda ən azı 12 ABŞ əsgərinin yaralandığını da bildirmişdi.

Reuters-in məlumatına görə, Suriya dövlət televiziyası İsrail hava hücumundan müdafiə sistemləri İran raketlərini zərərsizləşdirərkən paytaxt Dəməşq üzərində partlayış səslərinin eşidildiyini bildirib.

ABŞ müharibənin "həftələr" ərzində bitəcəyini gözlədiyi vaxtda İsrail İranın nüvə obyektlərinə zərbələr endirib

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Xilasetmə işçiləri bu səhər tezdən hava hücumuna məruz qalan yaşayış binasının dağıntıları altında cəsədləri axtararkən mülki şəxslər onları izləyərkən üzlərini örtürlər

Dövlət katibi Marco Rubio jurnalistlərə ABŞ-ın İrandakı məqsədlərinə "çatmaq üzrə olduğunu" və əməliyyatın "aylar deyil, həftələr" ərzində davam edəcəyini gözlədiyini bildirib.

Həmçinin İran mediası ABŞ-İsrail hücumlarının iki nüvə ilə əlaqəli obyektə zərbə vurduğunu bildirib. Rəsmilər heç bir radioaktiv maddənin yayılmadığını deyiblər.

İsrail Müdafiə Qüvvələrinin sözçüsü Avichay Adraee-nin sözlərinə görə, İsrail Livanda, Beyrutun cənubunda "Hizbullah infrastrukturunu" hədəf alaraq hücumlar təşkil edib.

İsrail ordusu bir neçə məhəllənin sakinlərinə dərhal təxliyə etməyi əmr edib, İsraildəki sakinlərə də gözlənilən hücumlara görə sığınacaqlara getmək tapşırılıb.

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir ordunun bu həftə İrana hücumların tempini artıracağını bildirib.

Körfəz ölkələrindən də onlara hücumların olduğu xəbərləri gəlib.

Şəklin mənbəyi, Getty Images

ABŞ-ın İrandakı əməliyyatının nə qədər davam edəcəyi barədə sualına cavab olaraq ABŞ dövlət katibi Marko Rubio deyib ki, "biz aylar deyil, həftələrdən danışırıq".

O deyib ki, ABŞ-ın aydın məqsədləri var və "biz çox tezliklə onlara nail olmaq ərəfəsində olduğumuza çox əminik".

Mark Rubio onu da deyib ki, ABŞ "quru qoşunları olmadan" məqsədlərinə çata bilər.

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsraili məktəblər, xəstəxanalar, tarixi və mədəni binalar və yaşayış məntəqələri də daxil olmaqla "mülki hədəflərə və mərkəzlərə" qarşı "qanunsuz hücumların davam etdirilməsində" günahlandırıb.

Əraqçi deyib ki, ölkəsi "İran millətini qətiyyətlə müdafiə etməyə" davam edəcək.

İRNA yazır ki, Əraqçi Hörmüz boğazının problemin ABŞ və İsrailin hərbi əməliyyatlarının nəticəsi olduğunu və İranın gəmilərin boğazdan keçməsinin qarşısını almaq üçün qanuni haqqının olduğunu deyib.

İran dövlət mediası onu da bildirib ki, İranda iki nüvə obyektinə hücum edilib, lakin radioaktiv material yayılmayıb. Onlardan biri İranın şimal-qərbindəki Xondab ağır su kompleksi, digəri isə Yəzdin Ərdəkan şəhərindəki Yellowcake istehsal müəssisəsi olub.

İranlılar indiyə qədərki ən pis gecəni təsvir edirlər: "Bilmirdim, ildırım idi, yoxsa partlayışlar"

Şəklin mənbəyi, Getty İmages

Qönçə Habibiazad

BBC News Farsca

Dünən gecə Tehranda və yaxınlıqdakı Kərəc şəhərində insanlar eyni vaxtda baş verən ildırımla güclü raket zərbələri ayırd etməkdə çətinlik çəkdi.

"Heç yata bilmədim. Çox qorxulu idi. Düşünürəm ki, indiyə qədər müharibənin ən pis gecəsi olub. Raketlərin səsi ildırım çaxmasına, göy gurultusuna qarışmışdı", - Tehranda 20 yaşlarında bir qadın deyir.

O əlavə edib ki, "hər şeydən o qədər bezib" ki, müharibənin "indi" bitməsini istəyir.

"Evimin yaxınlığındakı bir yerə o qədər güclü zərbələr endiriblər ki, bütün otaq və pəncərələr titrəyirdi... ardıcıl iki dəfə. Gecə boyu yağış səsini eşidə bilirdim. Bir neçə dəfə yatıb oyandım və ildırım, yoxsa partlayış olduğunu bilmirdim", - Tehranda 40 yaşlarında bir qadın deyib.

Bu gün ondan müharibənin sonu haqqında nə düşündüyünü soruşdum: "Mollalar gedənə qədər bitməsini istəmirəm. Buna dözməkdən başqa çarəm yoxdur".

Tehranın qərbində yerləşən yaxınlıqdakı Kərəc şəhərində yaşayan bir neçə nəfər də orada leysan yağış yağdığını bildirib.

20 yaşlarında olan bir kişi deyib: "Dünən gecə yağış zamanı böyük bir partlayış baş verib".

Trump İrana əlavə 10 gün verdi

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Trump İranın enerji obyektlərini vurma müddətini əlavə 10 gün uzadıb

ABŞ Prezidenti Donald Trump İranın enerji obyektlərini hədəf alma müddətini daha 10 gün uzadıb.

O bu açıqlamanı martın 26-da Ağ Evdə keçirilən kabinet iclasından sonra verib.

Donald Trump Truth Social media hesabında yazıb ki, İran ondan enerji stansiyalarını vurma müddətini 7 gün dayandırmağı xahiş edib, o isə İrana 10 gün verib.

Ağ Ev rəhbəri bu qərardan sonra rəsmi Tehranın ona "çox təşəkkür etdiyini" bildirib.

ABŞ Prezidentinin İrana verdiyi 5 günlük müddət martın 27-də bitirdi.

Yeni qərara əsasən, ABŞ-ın İrana verdiyi müddət aprelin 6-dək qüvvədə olacaq.

O, Fox News kanalına müsahibəsində İranla danışıqların "olduqca yaxşı" getdiyini qeyd edib.

Trump deyib ki, ABŞ-ın İrana endirdiyi hava zərbələri nəticəsində İranın dəniz və hava qüvvələri "tamamilə" yox edilib, raketlərin atıldığı mərkəzlərin "90 faizə yaxınını" sıradan çıxarılıb.

O çıxışı zamanı, İranın razılaşma əldə etmək üçün "yalvardığını" bildirib.

Ağ Ev rəhbəri qeyd edib ki, əgər İran danışıqlar aparmasa, ABŞ "onları darmadağın etməyə" davam edəcək.

Donald Tramp deyib ki, İran "pis döyüşçü, lakin əla danışıqçıdı", baxmayaraq ki, rəsmi Tehran dəfələrlə ABŞ-la danışıqlar aparmadığını bəyan edib.

Almaniya xarici işlər naziri: NATO-nun İran məsələsində ABŞ ilə ortaq mövqeyə ehtiyacı var

Şəklin mənbəyi, EPA

Almaniyanın xarici işlər naziri Johann Wadephul NATO ölkələrinin İran məsələsində ABŞ ilə "ortaq mövqe" inkişaf etdirməsinin vacib olduğunu bildirib.

Prezident Tramp NATO ölkələrinin münaqişəyə qarışmaqdan imtina etməsini tənqid etməyə davam edir, eyni zamanda ABŞ-ın onlara ehtiyacı olmadığını bildirir.

AFP xəbər agentliyinin məlumatına görə, daha əvvəl Aİ-nin xarici siyasət rəhbəri Kaja Kallas Rusiyanı İrana "amerikalıları hədəf almaq, öldürmək" üçün kəşfiyyatla kömək etməkdə və Yaxın Şərqdə onları dronlarla dəstəkləməkdə günahlandırmışdı.

ABŞ İrana 15 bəndlik sülh təklifi göndərdiyini açıqlayıb

ABŞ Prezidenti Donald Trump-ın Ağ Evdə keçirdiyi kabinet iclasında Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steve Witkoff ABŞ-ın İrana "sülh sazişi üçün çərçivəni təşkil edən 15 maddəlik fəaliyyət siyahısı" göndərdiyini təsdiqləyib.

"Bu, Pakistan hökuməti vasitəsilə yayılıb", - Witkoff deyib.

Bir neçə gündür ki, mediada belə bir sülh təklifinin İrana təqdim edildiyindən bəhs edilir, amma ilk dəfədir ki, ABŞ rəsmisi bunu təsdiqləyib.

Witkoff deyib ki, ABŞ danışıqların "konkret şərtləri ilə bağlı məxfiliyi qoruyacaq" və "media vasitəsilə danışıqlar aparmayacaq".

O əlavə edib: "İşlərin hara aparacağını görəcəyik və İranı inandıra bilsək ki, bu, dönüş nöqtəsidir və daha çox ölüm və dağıntını nəzərə alsaq, bundan yaxşı alternativləri yoxdur. Bunun mümkün olduğuna dair güclü siqnallar almışıq".

Trump: NATO bunu "heç vaxt unutmasın"

ABŞ Prezidenti Donald Tramp sosial mediada NATO ölkələrini yenidən tənqid edərək ABŞ-ın İrandakı müharibədə onun köməyinə ehtiyacı olmadığını bildirib.

O, boyük hərflərlə yazıb ki, İran müharibəsində onlar heç bir kömək etməyiblər və ABŞ-ın NATO-nun yardımına ehtiyacı yoxdur, amma bu çox vacib məqamı "heç vaxt unutmasınlar".

Trump İranın "danışıqlar apardığını" israr edir

Çərşənbə günü çıxış edən Ağ Evin mətbuat katibi Karoline Leavitt Prezident Trumpın son üç gün ərzində İranla "məhsuldar danışıqlar" apardığını bildirib.

O, həmçinin əməliyyatın planlaşdırılandan daha tez irəlilədiyini və İran rejiminin özünə bir "çıxış yolu" axtardığını qeyd edib.

Bu mesaj daha sonra İranın "hazırda danışıqlar aparmaq niyyətində olmadığını" söyləyən İran xarici işlər naziri Abbas Əraqçinin sözləri ilə ziddiyyət təşkil edir.

Abbas Əraqçi mesajların "dost ölkələr vasitəsilə çatdırıldığını", lakin bu mübadilələrin "nə dialoq, nə danışıqlar, nə də buna bənzər bir şey" olmadığını bildirib.

Trump isə İranın "danışıqlar apardığını" israr edərək "öz xalqları tərəfindən öldürüləcəklərini düşündükləri üçün bunu deməyə qorxurlar" deyib.

O əlavə edib ki, "onlar həmçinin bizim tərəfimizdən öldürüləcəklərindən qorxurlar".

Müharibəyə son qoymaq təklifləri ilə bağlı ziddiyyətli məlumatlar da yayılıb.

Çərşənbə günü İranın ABŞ-dan atəşkəs əldə etmək üçün 15 maddəlik plan aldığı barədə xəbərlər yayıldı.

Öz növbəsində İranın dövlət televiziyası Press TV-yə istinadən ölkənin "yüksək siyasi-təhlükəsizlik rəsmisi" müharibəni bitirmək üçün İranın beş şərtinin olduğunu açıqlayıb.

Həmin şərtlərdə "müharibə zərərləri və təzminatlarının" ödənilməsi, eləcə də bütün cəbhələrdə müharibənin başa çatması vurğulanır.

Danışıqlar barədə yayılan xəbərlərə baxmayaraq, bölgədə döyüşlər davam edib.

İranın raket hücumu barədə məlumat verildikdən sonra İsrail elektrik stansiyasından tüstü qalxdığı, Tehranda isə İranın hava hücumundan müdafiə sistemlərinin səsinin eşidildiyi bildirilir.

ABŞ Yaxın Şərqə desant qüvvələr göndərəcəyini təsdiqləyib

Şəklin mənbəyi, Reuters

ABŞ günlərdir soruşulan suallardan sonra artıq bəzi quru qoşun növlərinin Yaxın Şərqə göndəriləcəyini təsdiqləyib.

Pentaqonun sözçüsü BBC-yə göndərdiyi bəyanatda bildirib ki, 82-ci Diviziya qərargahının bəzi hissələri, diviziya təminat qrupu və 1-ci Döyüş Komanda Briqadası Yaxın Şərqə yerləşdiriləcək.

Təhlükəsizlik səbəbilə sözçü əlavə məlumat verməkdən imtina edib.

Bu qoşun növləri paraşütlə və ya helikopterlə hədəf ərazilərə düşərək oranı ələ keçirmək üzrə yetişdirilib.

İran məsələsində isə bu döyüş qüvvələri ABŞ-a İrana məxsus Xarq adasını və digər əsas ərazini ələ keçirmək imkanı verə bilər.

Pentaqonun açıqlaması ilə eyni vaxtda Ağ Ev bildirib ki, ABŞ İrandakı əsas məqsədlərinə çatmağa "çox yaxındır".

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mike Johnson isə qeyd edib ki, ABŞ İranla müharibəni "yekunlaşdırmaq üzrədir".

"Düşünürəm ki, "Epik Qəzəb" əməliyyatını yekunlaşdırırıq. Mənim düşündüyüm budur və hesab edirəm, bu, qısa müddətdə və tam vaxtında bitəcək", - Johnson ABŞ mediasına deyib.

Spikerin açıqlaması ABŞ Prezidenti Donald Trampın İranda "doğru insanlarla" danışıqlar aparıldığını və rəsmi Tehranın "razılığa gəlmək istədiyini" deməsindən sonra olub.

İran ABŞ-ın göndərdiyi sülh planını rədd edib və oradakı bəndləri "ifrat" adlandırıb.

İran ABŞ-ın sülh planına "mənfi cavab verib" - dövlət televiziyası

İran dövlət televiziyası Press TV "yüksək vəzifəli siyasi-təhlükəsizlik rəsmisi"nə istinadən bildirib ki, İran ABŞ-ın hazırki müharibəyə son qoyacaq təklifini rədd edib.

Press TV rəsminin adını çəkməyib, amma ona istinadən bildirib ki, "İran müharibəni bitirmək qərarına gəldikdə və öz şərtləri yerinə yetirildikdə başa çatdıracaq."

İran rəsmiləri dəfələrlə deyiblər ki, onlara tək atəşkəs deyil, müharibəyə tam son qoymaq istəyirlər.

Press TV-nin məlumatına görə, rəsmi 5 şərti açıqlayıb:

  • Düşmənin "təcavüz və sui-qəsdlərin" tam dayandırılması
  • İslam Respublikasının yenidən müharibəyə cəlb edilməməsini təmin etmək üçün konkret mexanizmlərin yaradılması
  • Müharibə zərərlərinin və təzminatlarının ödənilməsinin təmin edilməsi və aydın şəkildə müəyyən edilməsi
  • Müharibənin bütün cəbhələrdə və regionda iştirak edən bütün müqavimət qrupları üçün başa çatması
  • İranın Hörmüz boğazı üzərində hakimiyyəti həyata keçirmək suveren hüququ ilə bağlı beynəlxalq səviyyədə tanınma və zəmanətlər

Press TV bildirir ki, Vaşinqton müxtəlif diplomatik kanallar vasitəsilə danışıqlar aparır, lakin Tehran təklifləri "həddindən artıq" hesab edir.

İran ABŞ qoşunlarının hərəkətini "diqqətlə izləyir" - Parlament sədri

Şəklin mənbəyi, Reuters

İran parlamentinin spikeri Məhəmməd-Bağer Qalibaf bildirib ki, İran "ABŞ-ın bölgədəki bütün hərəkətlərini, xüsusən də qoşun yerləşdirmələrini yaxından izləyir".

O, sosial media paylaşımında bildirib: "Torpağımızı müdafiə etmək əzmimizi sınağa çəkməyin".

BBC-nin ABŞ tərəfdaşı olan CBS News-a görə, Pentaqonun 82-ci Hava-Desant Diviziyasından - quru qüvvələri və komandanlıq elementi də daxil olmaqla - qoşun göndərməsi gözlənilir.

İranın siyasi elitası niyə hələ süqut etmir?

Qönçə Habibiazad

BBC News Farsca

Şəklin mənbəyi, Reuters

Demək olar ki, müharibə başlayandan bir ay keçib və İranın Ali Lideri, Ayətullah Əli Xamenei 28 fevralda öldürülüb.

İranda danışdığım bəzi insanlar müharibənin həmin gün bitəcəyini gözləyirdilər, amma belə olmadı. İran hakimiyyəti isə hələ də yerindədir.

İran ölkəni idarə etmək üçün çox mürəkkəb bir sistemə malikdir.

Ali Lider ən yüksək səlahiyyəti əlində saxlamasına baxmayaraq, paralel bir dövlət – formal hərbi mandatdan qat-qat geniş səlahiyyətləri olan qurum, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH/IRKK) da var.

Bu müharibə zamanı və ötən yaydakı toqquşmalarda bir neçə yüksək rütbəli SEPAH komandiri öldürülüb.

Amma onlar dəfələrlə bildiriblər ki, öldürülən hər bir şəxs üçün yerini tutmağa hazır olan başqa biri var.

SEPAH həmçinin təxminən bir milyon üzvü olan könüllü milis – Bəsici də nəzarətində saxlayır. Onlar tez-tez küçələrdə etirazları zorla yatırmaq üçün səfərbər edilirlər.

İsrail bəzi Bəsic postlarını hədəf aldığını bildirib, lakin bu həftə Tehrandan eşitdiklərimə görə, bu qüvvələr şəhərdə hələ də çox fəal şəkildə fəaliyyət göstərir, maşınları saxlayır və axtarışlar aparırlar.

Etirazlara gəldikdə isə, ölkə daxilində insanlar İran hakimiyyəti tərəfindən – bəyanatlar və ya kütləvi SMS-lər vasitəsilə – küçələrə çıxmamaq barədə hədələniblər.

İnternet də ciddi şəkildə məhdudlaşdırılıb: bu da etirazçıların koordinasiyasını olduqca çətinləşdirir.

İndiyədək müharibə başlayandan bəri ölkədə hökumət əleyhinə kütləvi etirazların baş qaldırdığını görməmişik, baxmayaraq ki, dövlət mediası müxtəlif şəhərlərdə hər gecə hakimiyyət tərəfdarlarının mitinqlərini göstərir.

Amma hələ ki, ictimaiyyət qarşısına çıxmayan bir nəfər var – martın əvvəlində hakimiyyətə gələn İranın Ali Lideri Müctəba Xamenei.

Bu vaxtadək İran mediasında ondan yalnız bir neçə yazılı mesaj görmüşük. İsrail onu hədəf alacağını bəyan etmişdi.

İran hakimiyyəti liderləri dəyişdirib nəzarəti gücləndirsə də, hələ sübut etməlidir ki, xalqı hazırda görünən güc qüvvələri vasitəsi ilə yox, səlahiyyətlilər tərəfindən idarə edir.

Ekspert: kimin raketlərlə vurulacağını əlaqələndirəcək "mərkəzi fiqur yoxdur"

Amerika İran Şurasının prezidenti Huşəng Əmirəhmədi BBC-yə bildirib ki, Ali Lider Ayətullah Əli Xameneinin öldürülməsi ölkə daxilindəki məmurlar arasında güc strukturunu genişləndirib.

Xamenei "şaquli güc strukturu" olduğu üçün onun ölümü mərkəzi gücün dağılmasına və rəhbərliyin aşağı vəzifəli məmurlar arasında yayılmasına səbəb olub.

BBC Radio 4-ün "Today" proqramına danışan o bu gücün "xüsusilə orduda" olduğunu söyləyir.

O, əlavə edir ki, kimin raketlərlə vurulacağını əlaqələndirəcək "mərkəzi fiqur yoxdur".

Əmirəhmədi deyir ki, hakimiyyətin yerlərdə gücü yoxdur və buna görə də indi bu yeni nəzarət səviyyəsinə sahib olan zabitlərdən qorxur.

İran: Hörmüzdən keçmək üçün "səlahiyyətli İran hakimiyyəti" ilə əlaqə saxlayın

Paul Adams

BBC-nin diplomatiya üzrə müxbiri

İran tərəfi bildirir ki, "düşmən olmayan gəmilərin" Hörmüz boğazından keçməsinə icazə veriləcək.

Bunu İranın BMT-dəki missiyası elan edib və şərt olaraq da keçəcək gəmilərin "səlahiyyətli İran hakimiyyəti" ilə əlaqə saxlamasını bildirib.

Bu ismarıc son günlərdə yaranan bir vəziyyəti aydınlaşdırır ki, Hörmüz boğazından gəmilərini keçirmək istəyən ölkələr və ya şirkətlər dünyanın ən vacib gəmiçilik yollarından birindən keçərkən təhlükəsiz keçid üçün sakitcə danışıqlar aparmalıdırlar.

İranın BMT missiyası X platformasındakı paylaşımında yazıb ki, gəmilərin "İrana qarşı təcavüz aktlarında iştirak etməməsi, hücumları dəstəkləməməsi və elan edilmiş təhlükəsizlik və mühafizə qaydalarına tam əməl etməsi" şərtinə də əməl olunmalıdır.

Ayın əvvəlindən bəri Hörmüz boğazından uğurla keçən gəmilər arasında Çin, Hindistan və Pakistana məxsus olan gəmilər var.

İran tərəfi təklif edir ki, keçmək istəyən gəmilər Omana yaxın iki dar tranzit dəhlizindən istifadə etmək əvəzinə, Larak adasının şimalındakı İran ərazi sularından keçərək şimala doğru istiqamətlərini dəyişməlidirlər.

Şəklin alt yazısı, Hörmüz boğazı ətrafında olan ölkələr

Bu da İran hakimiyyətinə nəqliyyatın hərəkətini izləməyə və idarə etməyə imkan verəcək.

Hörmüz boğazından keçmək azadlığı məsələsi, Ağ Evin Pakistan vasitəsilə İrana göndərdiyi müharibəni bitirmək barədə olan 15 maddəlik planda əsas hissəni təşkil edir.

Həmin plan ABŞ və İsrail mediası tərəfindən yayılıb və müharibəyə son qoymaq üçün təklif olunduğu deyilir.

Lakin görünən odur ki, razılaşma əldə olunana qədər İran bu əhəmiyyətli su yolu üzərində mümkün qədər çox nəzarəti davam etdirəcəyini açıq şəkildə bildirir.

İran ordusu Trumpa deyir ki, siz özünüzlə danışıqlar aparırsınız

İranın əsas hərbi komandanlığı olan Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının sözçüsü (ABŞ və Trumpın adını çəkmədən) "özünü qlobal supergüc elan edən"dən danışıb və "məğlubiyyətinizi razılaşma adlandırmayın" deyib.

Ebrahim Zülfəqari bu gün İran mediasında yayımlanan video mesajında bildirib ki, "daxili münaqişənizin səviyyəsi özünüzlə danışıqlar aparacağınız nöqtəyə çatıbmı?"

Zülfəqari deyib: "Bölgədəki sabitliyin silahlı qüvvələrimizin güclü əli ilə təmin olunduğunu anlayana qədər nə regiona investisiyalarınızı, nə də əvvəlki enerji və neft qiymətlərini bir daha görməyəcəksiniz. Sabitlik gücdən qaynaqlanır".

O əlavə edib ki, "bizim kimi biri sizin kimisiylə heç vaxt barışmayacaq. Nəinki indi, heç vaxt".

ABŞ Prezidenti Donald Trump martın 24-də Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib ki, hazırda onun administrasiyası İranda "doğru insanlarla danışıqlar aparır" və iranlı rəsmilər razılığın əldə olunmasını "çox istəyirlər".

Trampın 15 maddəlik sülh planında nələrin olduğu bildirilir?

ABŞ Prezident Trumpın İrana göndərdiyini iddia etdiyi 15 maddəlik planını hələ görməmişik. Planda nələrin ola biləcəyi ilə bağlı rəsmi təsdiq yoxdur. Lakin bəzi detallar İsrail və ABŞ mediasında dərc olunub.

İsrailin 12-ci Kanalı xəbər verir ki, plana aşağıdakı tələblər daxildir:

  • Natanz, İsfahan və Fordodakı nüvə obyektləri istifadədən çıxarılacaq və məhv ediləcək
  • İrandakı fəaliyyətlərə şəffaflıq və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) buna nəzarəti
  • İran bölgədə silahlı qüvvələrin istifadəsindən imtina edəcək və regional filiallarının maliyyələşdirilməsini və silahlandırılmasını dayandıracaq
  • Artıq yığılmış nüvə potensialının sökülməsi
  • Nüvə silahlarına heç vaxt nail olmağa çalışmamaq öhdəliyi
  • İran torpağında heç bir nüvə materialı zənginləşdirilməyəcək və bütün zənginləşdirilmiş materiallar BAEA-ya təhvil veriləcək
  • Hörmüz boğazı açıq qalacaq və "azad dəniz zonası" təşkil edəcək
  • İranın raketləri gələcək qərara tabe olacaq, lakin onlar miqdarı və mənzili baxımından məhdud olacaq və yalnız özünümüdafiə məqsədləri üçün nəzərdə tutulacaq

Plan çərçivəsində İran nə alacaq:

  • Buşehrdə elektrik enerjisi istehsalı üçün mülki nüvə layihəsinin hazırlanmasında Amerikanın köməyi
  • Bütün sanksiyaların aradan qaldırılması
  • Sanksiyaların yenilənməsi təhlükəsinin aradan qaldırılması

Müzakirələr aparılarkən bir aylıq atəşkəsin mümkünlüyü barədə də məlumatlar var, amma bu, təsdiqlənməmiş məlumatdır, Ağ Ev tərəfindən heç bir təfərrüat verilməyib.