Plastik qablar yeməyi saxlamaq və isitmək üçün təhlükəsizdirmi?

Şəklin mənbəyi, Getty Images

    • Müəllif, Sue Quinn
  • Oxuma vaxtı: 4 dəq

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Bir çoxumuz üçün plastik qablar gündəlik həyatımızın bir hissəsidir.

Qida və içkiləri saxlamaq, dondurmaq, isitmək və daşımaq üçün onlardan istifadə edirik.

Lakin bəzi elm adamları plastikdəki kimyəvi maddələrin sağlamlığımıza zərər vermə potensialına malik olmasından narahatdırlar.

Araşdırmalar plastik məhsulların hazırlanmasında istifadə olunan minlərlə maddədən bəzilərinin istehlak etdiyimiz qida və içkilərə "sıza" biləcəyini göstərir.

Lakin istehsalçılar və əksər qida təhlükəsizliyi qurumları plastik qida qablarının nəzərdə tutulduğu şəkildə istifadə edilməsinin təhlükəsiz olduğunu bildirirlər.

Yenə də bəzi mütəxəssislər ehtiyat tədbiri olaraq qidaları plastik qablarda isitməkdən çəkinməyi tövsiyə edirlər.

Britaniyada Qida Standartları Qurumu (FSA) tərəfindən müəyyən edilmiş qaydalar qida ilə təmasda olan plastikdə hansı maddələrin istifadə oluna biləcəyini və bilməyəcəyini təyin edir.

Bu qaydalara görə, istehsalçıların qidaya zərərli səviyyədə kimyəvi maddə buraxan materiallardan istifadə etməsi qadağandır.

Kimyəvi maddələr plastik qablardan qidalara necə keçir?

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Britaniya Plastik Federasiyasına (BPF) görə, qida qablaşdırmalarında istifadə olunan ən yaygın plastik növlərindən biri polipropilendir.

Bu maddə çips paketlərindən biskvit qablaşdırmalarına qədər hər şeydə tapıla bilir.

Bir çoxumuzun saxladığı və təkrar istifadə etdiyi hazır yemək qabları (paket servis), adətən, bu və ya polietilen adlanan başqa bir plastikdən, yaxud hər ikisindən hazırlanır.

İstehsal zamanı rəngləndiricilər və ya qabları elastik edən maddələr kimi başqa kimyəvi maddələr də əlavə olunur.

Qida Qablaşdırma Forumunun baş direktoru və baş elmi mütəxəssisi Dr. Jane Muncke "Plastiklərin kimyəvi tərkibi inanılmaz dərəcədə mürəkkəbdir" deyir.

Kimyəvi maddələr istehsal zamanı bir-biri ilə reaksiyaya girərək dəyişməklə qalmır, eyni zamanda naməlum maddələr də qarışığa daxil olur. Bunlara qəsdən olmayan şəkildə əlavə edilən maddələr (NIAS) deyilir.

Bəzi kimyəvi maddələrin plastikdən qida və içkilərə keçdiyi və bəzilərinin bədənimiz tərəfindən sorulduğu mübahisəsiz bir həqiqətdir.

Muncke "Həmçinin bəzi qida növlərinin daha çox kimyəvi transferə yol aça biləcəyini də bilirik" deyir.

Asidik qidalar (pomidor sousu kimi) və ya yağlı qidalar (lazanya kimi) digərləri ilə müqayisədə plastik qablardan daha çox kimyəvi maddə sormağa meyillidir.

Dr. Muncke "Həmçinin isti qidalarda da bu transfer daha çoxdur", - deyir.

Bu da o deməkdir ki, mikrodalğalı sobada isitdiyiniz zaman, eyni qabı salat saxlamaq üçün istifadə etməyinizlə müqayisədə daha çox maddəni bədəninizə çəkə bilərsiniz" deyir.

Şəklin mənbəyi, Getty Images

Plastik qablardakı hansı maddələr sağlamlıq riskləri ilə əlaqəlidir?

Plastiklərdə keçmişdən bəri mövcud olan iki kimyəvi maddə xüsusilə mübahisəlidir: plastiki yumşaltmaq üçün istifadə olunan ftalatlar və çox sərt plastik istehsal etmək üçün istifadə olunan bisfenol A, yaxud digər adı ilə BPA.

Hər ikisinin hormonlara müdaxilə etdiyi, normal böyümə və məhsuldarlığa təsir göstərə bildiyi, immunitet sistemimizə mənfi təsir edə biləcəyi və xərçəng riskimizi artıra biləcəyi məlumdur.

Avropa İttifaqı Komissiyası BPA-nın sağlamlıq üçün riskləri ilə bağlı sübutların artması nəticəsində 2024-cü ildə "qida ilə təmasda olan materiallarda" BPA-nı qadağan etdi.

Bu da su şüşələri kimi gündəlik məhsulların istehsalından bu maddənin mərhələli şəkildə çıxarılması deməkdir.

İngiltərə də hazırda BPA və digər zərərli bisfenollar üçün bənzər bir qadağanı dəyərləndirir.

Plastik qida qablarına ən təhlükəsiz alternativlər nələrdir?

Bəs qidalarımıza kimyəvi maddələrin keçməsinin qarşısını almaq istəyiriksə, istifadə oluna biləcək ən yaxşı qablar hansılardır?

Vaşinqtondakı Milli Sağlamlıq Araşdırmaları Mərkəzinin rəhbəri Dr. Diana Zuckerman "Plastiklərin tərkibi daim dəyişir" deyir.

Bir çox insan kimi, öz mətbəxinin də köhnə plastik qablarla dolu olduğunu söyləyən Zuckerman, "Və onların içində nə olduğunu bilmirəm" deyə bildirir.

Tərkibindəki kimyəvi maddələrdən asılı olmayaraq, plastiklər zamanla xarab olur və potensial olaraq az miqdarda qidaya keçə bilir.

Zuckerman "Bu, plastik isidildikdə və ya köhnəldikdə, həmçinin təkrar-təkrar istifadə edilib yuyulduqda daha çox ehtimal olunur" deyir.

Plastik qida qablarımızda hansı kimyəvi maddələrin olduğu və bunların qidaya nə qədər sıza biləcəyi ilə bağlı qeyri-müəyyənliyi nəzərə alaraq, Zuckerman xüsusilə isti yeməklər və mikrodalğalı sobada yemək isitmək üçün şüşə və ya keramika qablar tövsiyə edir.

Zuckerman "İstehsalçı bir qabın mikrodalğalı sobaya uyğun olduğunu bildirirsə, bu, sadəcə onun əriməyəcəyi mənasına gəlir" deyir.

Dünyanın ən böyük qida və bəslənmə mütəxəssisləri təşkilatı olan ABŞ Qidalanma və Dietologiya Akademiyası plastik qablardan yalnız soyuq qidaları saxlamaq üçün istifadə etməyi məsləhət görür.

Plastik qablar xərçəng riskini artırırmı?

Bütün mütəxəssislər plastik qabların yaratdığı sağlamlıq riskləri barədə eyni fikirdə deyillər.

Britaniya Xərçəng Araşdırmaları Qurumundan Dr. Rachel Orritt plastik istifadəsinin xərçəngə səbəb olduğuna dair mövcud sübutların yetərsiz olduğunu söyləyir.

"Bura plastik şüşələrdən su içmək və qidaları saxlamaq üçün plastik qab və paketlərdən istifadə etmək də daxildir" deyən Orritt sözlərini belə tamamlayır: "Qidalar bu qablarda saatlarla isidilsə belə, xərçəng riskini artırmaz".